DataLife Engine / Bakı sakinləri İsrailə başsağlığı verir

Bakı sakinləri İsrailə başsağlığı verir

Artıq bir neçə gündür ki, HƏMAS-ın İsrailin dinc sakinlərinə qarşı törətdiyi terror aktından sonra Bakı sakinləri yüzlərlə həlak olmuş israillilərin xatirəsini anmaq üçün gül dəstələri, uşaqlar üçün oyuncaqlar gətirir, şamlar yandırır, İsrail xalqına terrorizmə qarşı mübarizədə dəstək ifadə edirlər.

Təhlükəsizlik səbəbindən hüquq-mühafizə orqanları diplomatik nümayəndəlik binası qarşısında böyük qruplarla toplaşmağa icazə verməsə də, haqqin.az saytının müxbiri səfirliyə gələn bəzi Bakı sakinləri ilə danışa bilib.

BDU-nun fəlsəfə fakültəsinin tələbəsi Fətimə Hacıyeva bildirib ki, dost İsrail xalqına bu çətin günlərdə həmrəylik göstərməyi özünə borc bilib:
“HƏMAS silahlıları tərəfindən qətlə yetirilmiş dinc insanların görüntüləri heç kimi bu faciəyə biganə qoya bilməz. Bizim yəhudi xalqı ilə uzun illərə dayanan dostluq münasibətlərimiz var. Yəhudi əsilli vətəndaşlarımız həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Azərbaycan torpaqları uğrunda vuruşub və şəhid olublar. İsrailə qarşı bu vəhşi hücum, kütləvi girov götürülməsi – açıq-aşkar terrorizmdir və ümid edirəm ki, İsrail ordusu buna tezliklə son qoyacaq.”

BDU-nun tələbəsi Pərvin Bayramova da bildirib:
“Qəzza zolağından cəmi 30 kilometr aralıda yerləşən Reim şəhərində keçirilən musiqi festivalının iştirakçılarının qətliamına hansı haqq qazandırıla bilər? Niyə bu və digər şəhərlərdə yüzlərlə gənc öldürüldü və ya girov götürüldü?.. Biz İsrailin Bakıdakı səfirliyinə İsrail xalqı ilə həmrəylik nümayiş etdirmək üçün gəlmişik… 44 günlük müharibə zamanı israillilərin Azərbaycana göstərdiyi həmrəylik yadımızdadır. Bizi qədim dostluq birləşdirir, buna görə də buradayıq.”

Azərbaycanın yəhudi icmaları – həm icma rəhbərləri, həm də sıravi üzvlər – terror aktının qurbanlarına ehtiram əlaməti olaraq təşəbbüskarla yaradılmış matəm guşəsinə gül dəstələri qoyublar.

İsrailin Azərbaycandakı səfiri Corc Dik “X” sosial şəbəkəsində Azərbaycan xalqına göstərdiyi dəstəyə görə təşəkkür edib.

“Bu səmimi dostluq jestinə görə Azərbaycan xalqına təşəkkür edirəm. Səfirliyimizin qarşısına gətirilən güllər, sosial şəbəkələrdəki paylaşımlar, dostluq dolu mesajlar – bütün bunlar tariximizin bu qaranlıq anında bizə güc verir. Təşəkkür edirəm!” – deyə diplomat paylaşdığı fotolarla birlikdə bildirib.

“Azərbaycandakı qardaş və bacılarımızdan dəstək dolu mesajlar almaq bizim üçün xoşdur. Cəmiyyətin hər təbəqəsindən saysız-hesabsız e-mail, WhatsApp mesajı və zəng almışıq. İnsanların səfirliyimizin qarşısına gül qoyduğunu görmək həqiqətən də çox təsirlidir. İsrail xalqı adından Azərbaycan xalqına təşəkkürümü bildirirəm – siz ürəyimizə toxundunuz”, – deyə səfir əlavə edib.

Məqalədə haqqin.azminval.az saytlarından materiallardan və fotolardan istifadə olunmuşdur.

10-10-2023, 15:51
Вернуться назад