Yom-Kipur – bağışlanma və günahların yuyulması günü adlanır. Bu günün başqa bir adı da Məhkəmə Günüdür. Yom-Kipur hər il yəhudi təqviminin tişrey ayının 10-cu günündə qeyd olunur. 2020-ci ildə bu gün 27 sentyabr axşamı günəşin batması ilə başlayır.
Bu gün nə haqqındadır
Yom-Kipur, 40 günlük mənəvi təmizlənmə dövrünün sonuncu günüdür. İnanclara görə, Roş-ha-Şana günü Ulu Yaradan insanın keçən il ərzində gördüyü bütün əməlləri ölçür və dəyərləndirir, qəti qərar isə Yom-Kipurda verilir və Həyat Kitabına yazılır.
Adətlər və ənənələr
Əsas mərasim və adətlər Yom-Kipurun ərəfəsində baş tutur. Çünki bu gün çox ciddi oruc tutulur, buna görə ərəfədəki yemək bol və doyumlu olmalıdır.
Təam zamanı çörəyi bala batırmaq, həmçinin quş əti və ya balıq yemək adətdir. Adətə əsasən, bu süfrəyə kefarə (günahların yuyulması) niyyəti ilə kasıblar da dəvət olunur.
Bəzi yəhudi icmalarında Kaparot adlı mərasim keçirilir. Bu mərasim, günahların cəzasız qalmadığını xatırlatmaq üçün edilir.
Ən tanınmış hissə – kişinin diri xoruzu başı üzərində çevirməsi (qadınlar toyuqdan istifadə edirlər). Quş əvəzinə həm də sədəqə üçün istifadə olunacaq puldan istifadə etmək olar.
Yom-Kipur zamanı yəhudilər borcları ödəməyə, verilmiş sözləri yerinə yetirməyə və kasıblara sədəqə verməyə çalışırlar. Həmçinin kimisə incitmişlərsə, onlardan üzr istəmək də vacib sayılır.
Oruc və qadağalar
Yom-Kipurun əsas hissəsi çox sərt 25 saatlıq orucdur. Bu oruc 27 sentyabr axşamı gün batmazdan yarım saat əvvəl başlayır və 28 sentyabr axşamı göydə üçüncü ulduz görünənədək davam edir.
Oruc zamanı tam şəkildə yemək və içmək qadağandır. Bu qadağalar yalnız 9 yaşına qədər uşaqlara, doğuş edən qadınlara və ağır xəstələrə şamil edilmir.
Əlavə olaraq:
Üz və bədən yumaq, çimmək qadağandır.
Krem və yağlardan istifadə qadağandır.
Dəri ayaqqabı geymək qadağandır.
Ər-arvad yaxınlığı qadağandır.
Yom-Kipurdan əvvəl bir-birinə nə arzu edirlər
Yom-Kipur başlamazdan öncə, səhər və günorta saatlarında dostlara, ailə üzvlərinə və tanışlara “Gmar xatima tova!” (Həyat Kitabına yaxşı yazılış arzulayıram!) və “Tsom qal!” (Yüngül oruc arzulayıram!) demək adətdir.