DataLife Engine / Azərbaycan Yəhudi İcmasına

Azərbaycan Yəhudi İcmasına


Əziz həmvətənlər!

Sizi yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə öz ən xoş arzularımı çatdırıram.

Zəngin tarixi-mədəni irsə və çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycan tarix boyu yəhudilərin digər xalqların və dinlərin nümayəndələri ilə qarşılıqlı hörmət, etimad və sülh şəraitində yaşadığı bir ölkə olmuşdur. Azərbaycan etnik və dini dözümsüzlük, ksenofobiya və antisemitizmin olmadığı unikal məkanlardan biridir.

Cəmiyyətdə demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa xüsusi önəm verən Azərbaycan dövləti yüksək tolerantlıq mühitinin, multikultural dəyərlərin təşviqi, həmçinin bütün etnik azlıqların, o cümlədən yəhudi icmasının mədəni-mənəvi dəyərlərinin qorunması, dili və mədəniyyətinin inkişafı məsələlərinə daim böyük diqqət və qayğı ilə yanaşır.

Ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirak edən, harada yaşamasından asılı olmayaraq, daim Azərbaycana olan sevgisini və sədaqətini nümayiş etdirən, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm töhfələr verən yəhudi mənşəli həmvətənlərimiz təqdirəlayiq fəaliyyət göstərirlər.

Əziz dostlar!

Bir daha sizləri xeyirxahlığı, mənəvi yenilənməni və yeni həyatı təcəssüm etdirən Roş-Ha-Şana bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ailələrinizə firavanlıq, ocaqlarınıza bolluq arzulayıram.

Bayramınız mübarək!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2020-ci il

Mənbə




19-09-2020, 14:46
Вернуться назад