Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan yəhudi icmasını Roş Ha-Şana bayramı münasibətilə təbrik edib.
"Hörmətli həmvətənlər!
Sizi – Azərbaycan yəhudi icmasının üzvlərini Yeni il – Roş Ha-Şana bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
Azərbaycanı öz vətəni hesab edən və burada yaşayan yəhudi icması yüzillərdir ki, ölkəmizdə müxtəlif xalqlar və dinlər arasında hökm sürən qarşılıqlı hörmət və etimad mühitində sülh və əmin-amanlıq şəraitində yaşayır, özünəməxsus adət-ənənələrini, dilini və mədəniyyətini qoruyub saxlayıb, heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmayıb.
Multikultural dəyərlərin, dözümlülük və mədəni müxtəliflik prinsiplərinin təşviqi ölkəmizdə əsrlər boyu mövcud olub və dövlət siyasətimizin əsas istiqamətlərindən birini təşkil edir.
Sevindirici haldır ki, yəhudi əsilli həmvətənlərimiz cəmiyyətimizin ayrılmaz bir hissəsi olaraq digər millət və dinlərin nümayəndələri ilə birlikdə ölkəmizdə aparılan geniş quruculuq işlərində fəal iştirak edir, müasir Azərbaycanın inkişafı və tərəqqisi, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi yolunda vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirirlər.
Əziz dostlar!
Roş Ha-Şana bayramı yenilənmənin, mənəvi saflığın, xeyirxahlığın və həmrəyliyin rəmzidir. Bu nurlu bayram ailələrinizə səadət, ocaqlarınıza ruzi-bərəkət gətirsin.
Bayramınız mübarək!"