27 yanvar tarixində İran İslam Respublikasının paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə qarşı törədilmiş terror aktı bizi dərin sarsıtdı. Bu silahlı hücumun qarşısını alarkən həlak olan leytenant Orxan Rizvan oğlu Əsgərovun ailəsinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk, Allahdan yaxınlarına səbir diləyirik. Eyni zamanda bu dəhşətli hadisə zamanı yaralanan digər iki əməkdaşın tezliklə sağalması üçün dua edirik.
Tehrandakı səfirliyimizə qarşı törədilən bu cinayət yalnız beynəlxalq siyasi-diplomatik münasibətlərə və bu sahəni tənzimləyən beynəlxalq hüquqi sənədlərə, xüsusilə də Vyana Konvensiyasına zidd deyil, eyni zamanda çoxmillətli və müxtəlif dinlərin nümayəndələrinin yaşadığı, dünya mədəniyyətinin beşiyi sayılan bir bölgədə mənəvi dəyərlərə, sülhə və əmin-amanlığa qarşı yönəlmiş bir cinayətdir. Azərbaycanın səfirliyinə qarşı törədilən silahlı hücum İranda insan hüquq və azadlıqlarına qarşı aparılan siyasətin və nifrət təbliğatının nəticəsidir.
Məlumdur ki, bu, müasir İran tarixində ilk belə hadisə deyil. Qonşu ölkənin rəsmi nümayəndələrinin hadisənin motivini dəyişdirməyə cəhd etməsi də bu insidentin təsadüfi olmadığını və sonuncu olmayacağını göstərir. Ümumiyyətlə, son hadisələrə nəzər yetirdikdə, yalnız İranda yerləşən diplomatik nümayəndəliklərin deyil, həmçinin bu ölkədə yaşayan bütün insanların, onların mənəvi və dini dəyərlərinin təhlükə altında olduğunu görürük. Bu isə İranın öz adında geniş istifadə etdiyi İslam dininin prinsiplərinə tamamilə ziddir.
Azərbaycan Avropa Yəhudiləri Dini İcması adından, Tehranda Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə pisləyirik. Ümid edirik ki, İran dövləti bu qanlı terror hadisəsini hərtərəfli araşdıracaq və günahkarları cəzalandıracaq. Xüsusilə, beynəlxalq ictimaiyyət üçün bu araşdırmanın şəffaf aparılması olduqca vacibdir.