Yaxın günlərdə İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyası “Azİz”in təşəbbüsü ilə onlayn konfrans keçirildi. Konfransda tanınmış tədqiqatçı, tarixçi Fuad Axundov Azərbaycandakı yəhudilərin tarixi haqqında ətraflı danışdı.
Fuad Axundovun sözlərinə görə, Azərbaycanın yəhudi icmalarının tarixi – nəhəng bir elmi, mədəni, etnoqrafik və ən əsası – insani dəyər qatıdır.
“Əgər dağ yəhudilərindən danışsaq, onların Azərbaycanın və Şimali Qafqazın ərazisində meydana çıxması, ən təmkinli hesablamalara görə, bizim eranın ilk əsrlərinə gedib çıxır. Bakıdakı aşkenazi yəhudi icmasına gəlincə isə, onun yüksəlişi 1872–1920-ci illərdəki Neft bumu dövrünə təsadüf edir. Bu, o dövr idi ki, iki min ilə yaxın tarixi olan, lakin əhalisi çox az olan kiçik Bakı qalası nəhəng bir sənaye və mədəniyyət mərkəzinə çevrilirdi. Bakı yalnız 1859-cu ildə Şamaxıda baş verən dağıdıcı zəlzələdən sonra quberniya mərkəzi statusu aldı. 1872-ci ildən, Neft bumu ilə, şəhərin əhalisi əsasən xaricdən olan miqrasiya hesabına sürətlə artmağa başladı.
Beləliklə, Neft bumu başlananda Bakıda təxminən 14,5 min nəfər yaşayırdısa, Birinci Dünya Müharibəsinə qədər bu rəqəm təxminən 215 min nəfərə çatmışdı və yəhudilər əhalinin təxminən 4,5 faizini təşkil edirdilər. Bu, Cənubi Qafqazda ən böyük așkenazi yəhudi icması və Bakının rəngarəng etno-konfessional mənzərəsində sayca dördüncü icma idi. Amma məhz bu 4,5 faizlik əhali Bakıda fəaliyyət göstərən həkimlərin təxminən 40 faizini, vəkillərin isə 30 faizdən çoxunu təşkil edirdi,” – deyə tarixçi qeyd edib.
Fuad Axundov bildirib ki, Bakıda intellektual, sahibkar, ictimai xadim və sənayeçi yəhudi ailələri yaşayırdı – məsələn, Promışlyanski, Kagan, Dembo, Nussimbaum, Landau ailələri kimi tanınmış adlar bu icmanın bir hissəsi idi.“Məsələn, Nobel mükafatı laureatı, fizik Lev Davidoviç Landanın atası David Lvoviç Landau Rotsildin Xəzər-Qara dəniz neft cəmiyyətinin idarəedicisi olmuşdur. Onun həyat yoldaşı Lyubov Venyaminovna Garkavi, Peterburq Qadın Tibb İnstitutunun məzunu idi və tanınmış ginekoloq kimi Balahanı kəndində praktik fəaliyyət göstərirdi. Qeyd edim ki, onun təhsil aldığı institut Ludviq Nobelin qızı Marta Lyudviqovna Nobel tərəfindən maliyyələşdirilirdi. Ludviq Nobelin neft sahələri məhz Bakıda yerləşirdi. Beləliklə, Bakının neftindən əldə olunan gəlirlər – dolayı yolla da olsa – bir hissəsi aparıcı həkimlər və mütəxəssislər şəklində Bakıya geri qayıdırdı.”
Daha bir görkəmli yəhudi mənşəli həkim – Yevsey Yakovleviç Qindes idi. Kiyev mənşəli olan Qindes, Bakı neft sənayeçiləri Qurultayı Şurasının ümumrusiya müsabiqəsi əsasında Çernoqorod klinikasında işləmək üçün Bakıya dəvət olunmuşdu. Paradoksal olsa da, səkkiz il sonra həmin Şuranın rəhbərliyi onu pulsuz tibbi yardım göstərdiyinə görə işdən çıxarır. Lakin bu illər ərzində doktor Qindes özünə o qədər nüfuz qazandırmışdı ki, onun vəzifədən azad olunması partlayış effekti yaratmışdı.
Qısa müddət ərzində, Uşaq ölümlərinə qarşı mübarizə cəmiyyəti nəzdində şəxsi ianələr hesabına “Süd damcısı” (“Kaplya moloka”) adlı uşaq müalicəxanaları şəbəkəsi yaradıldı. Bu şəbəkə sonradan Ana və Uşaq İnstitutunun əsasını təşkil etdi və həmin institut Yevsey Yakovleviç Qindesin daimi rəhbərliyi altında fəaliyyət göstərdi.
Birinci Azərbaycan Respublikası dövründə (1918–1920-ci illər) doktor Qindes ikinci səhiyyə naziri olur. Sovet hakimiyyəti qurulduqdan sonra isə uşaq cinayətkarlığına qarşı mübarizəyə fəal şəkildə qoşulur. Çoxşaxəli bir şəxsiyyətdir. Bu insanın adı Azərbaycan pediatriyası tarixində qızıl hərflərlə yazılmışdır”, – deyə həmsöhbətimiz vurğulayıb.
Tədqiqatçı F. Axundov “SHVUT” nəşrinin 1996-cı il buraxılışında Bakının yəhudi ailəsi olan Promışlyanskilərə həsr olunmuş məqalədə təsvir edilən maraqlı bir epizoddan danışıb.
“Bakıda sinaqoqun tikintisi məsələsi gündəmə gəldikdə, Bakı şəhər duması binanın tikintisi üçün şəhərin mərkəzində yerləşən torpaq sahəsini ödənişsiz olaraq təqdim etmişdi. Bu qərar ona görə verilməmişdi ki, yəhudi icması bahalı torpaq sahəsi ala bilmirdi, əksinə – bu, yuxarı instansiyalara hesabat verilməli olan rəsmi bir alqı-satqı müqaviləsi formasında böyük yəhudi icmasının varlığını nümayiş etdirməmək üçün edilmişdi. Həmin icma isə məhz məskunlaşma xəttindən kənarda yaşayırdı.
Diqqətəlayiq olan odur ki, Sovet hakimiyyəti tərəfindən deportasiya olunan almanlardan və yunanlardan, ölkədən çıxan polyaklardan fərqli olaraq, yəhudi icması, xoşbəxtlikdən, təkcə sovet dövrünü sağ-salamat keçə bilməmiş, həm də yeni bir mərhələyə yüksəlmişdi. Belə ki, bütün mənfi cəhətlərinə baxmayaraq, yeni administrasiya Dövlət Konservatoriyasını, bir sıra ali təhsil müəssisələrini açmış və yeni bir intellektual niş yaratmışdı ki, bu boşluğu əhəmiyyətli dərəcədə bakılı yəhudi icmasının nümayəndələri doldurmuşdu.
Qeyd etmək yerinə düşər ki, bir çox tanınmış yəhudi ailələri sovet dövründə Bakıda məskunlaşmışdılar. Məsələn, tanınmış vəkil Yakov Sergeyoviç Vulf SSRİ-dən Bakıya, oradan da İrana və sonra Avropaya emiqrasiya etməyə cəhd etsə də, ömrünün sonuna qədər Bakıda qaldı. Onun oğlu Vitali Yakovleviç Vulf – görkəmli teatr tənqidçisi, “Gümüş kürə” verilişinin aparıcısı – 1930-cu ildə Bakıda anadan olub, burada uşaqlıq və gənclik illərini, habelə vəkillik fəaliyyətinin bir hissəsini keçirmişdir. Bakının kolorit və ruhu V. Vulfun insani cazibəsinin ayrılmaz hissəsinə çevrilmişdir.
Məhz sovet dövründə Bakının yəhudi mənşəli iki heykəltəraşının fenomeni meydana çıxır. Onlar sadəcə yəhudi deyil, odessalı yəhudilər idilər:
Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi Yakov İosifoviç Keylixis (onun nəvəsi bu gün Toronto şəhərində yaşayır) və SSRİ Xalq Rəssamı Pinxos Vladimiroviç Sabsay.
Yakov Keylixis Azərbaycan tarixində ilk heykəltəraşlıq abidəsini quraşdırmış sənətkardır. Bu, Mirzə Ələkbər Sabirə həsr olunmuş abidə idi. 1922-ci ildən 1958-ci ilə qədər bu abidə hazırda Cəlal Qaryağdı tərəfindən hazırlanmış oturaq heykəlin yerləşdiyi eyni adlı parkda (“Sabir bağı”) ucalırdı. Daha sonra Keylixisin abidəsi Balaxanıya köçürüldü və Sabirin müəllimlik etdiyi məktəbin qarşısında quruldu. Bu günə qədər həmin abidə oradadır.
Lakin Yakov İosifoviç sonradan ciddi sayılacaq yeni əsərlər yaratmadı. Həyat yoldaşı Vera Aleskovskayanın vaxtsız vəfatı, sanki onun yaradıcılıq qanadlarını kəsdi. O, sənət fəaliyyətindən uzaqlaşaraq tamamilə pedaqoji fəaliyyətə yönəldi – Azərbaycan Sənaye İnstitutunda (indiki Neft Akademiyası) dərs deməyə başladı və 1950-ci ildəki ölümünə qədər burada çalışdı.
Tamamilə fərqli bir yol isə bakılı, odessalı yəhudi mənşəli başqa bir görkəmli heykəltəraş – Pinxos Vladimiroviç Sabsay üçün açılır...
Peterburq İncəsənət Akademiyasının divarları arasında o, Balaxanı kəndindən olan neft mühəndisinin qızı Lidiya Abramovna Lermanla tanış olur. Lidiya onu sonradan Bakıya gətirir və əsl bakılı kimi bu şəhərə ona aşiq etdirir. Məhz Bakıda Pinxos Vladimiroviç öz istedadını tam şəkildə nümayiş etdirir, Mirzə Fətəli Axundovun eyni adlı skverdəki və Nizami Muzeyinin lodjiyasında yerləşən abidələrini, Səməd Vurğunun evindəki büstünü yaradır.
Onun ən irimiqyaslı işi isə, təəssüf ki, bu günədək qorunub saxlanılmamış olan möhtəşəm Kirov abidəsi olmuşdur. Bu abidə… Bakı Lüteran-İncil kilsəsində hazırlanmışdı.
Məhz bu abidə sayəsində 1930-cu illərdə təcavüzkar ateizmin dalğasında bütün konfessiyalara məxsus məbədlər amansızcasına dağıdıldığı dövrdə Lüteran kilsəsi (Kirxa) qorunub saxlanıldı və fəaliyyətini davam etdirə bildi.
Keylixislə müqayisədə Sabsayın bəxti daha çox gətirdi: onun bütün yaradıcılıq həyatı boyu yanında ilham pərisi – Lidiya Abramovna Lerman olmuşdu. Onu “Sabsixa” deyə çağırırdılar – bu, Pinxos Vladimiroviçin tələbələrinin ona verdiyi ləqəb idi. Mükəmməl həyat yoldaşı, yardımçı, arxasında dayanan etibarlı dayağı olan bu qadın, Sabsayın özünün etiraf etdiyi kimi, ona “bu işıqlı, isti və mehriban insan təbəssümləri ilə dolu heyrətamiz şəhəri” – Bakını açmışdı, – deyə tarixçi vurğulayıb.
1945-ci ilin yanvarında Bakıda müsəlman Şərqində ilk Elmlər Akademiyası açıldı. 15 həqiqi üzvdən ikisi yəhudi idi – tanınmış hidravlik mütəxəssis İosif Qavriloviç Yesman və Aleksandr Alfonseviç Qrossgeym, – hansı ki, bu gün onun adını daşıyan Botanika bağı Azərbaycanda fəaliyyət göstərir, – deyə Fuad Axundov bildirib.
“Kanadaya emigrasiya etdikdən sonra daha bir maraqlı hadisə ilə qarşılaşdım: bakılı yəhudilər – bu, bir fenomen, əgər belə demək mümkünsə, bir növ qlobal mason lojasıdır. Onlar hamısı bir-biri ilə əlaqəlidir. Torontodakı bakılı yəhudilər – Nyu-Yorkdakı bakılı yəhudilərlə, Nyu-Yorkdakılar isə Almaniyadakı həmkarları ilə, hamısı birlikdə isə Hayfa ilə bağlıdır.
Mən uzun müddət düşünürdüm: bakılı yəhudiliyin fenomeni nədədir? Və tamamilə şəxsi, bəlkə də mübahisəli bir qənaətə gəldim: bakılı yəhudilərin, ümumiyyətlə, Azərbaycanın digər bölgələrindən olan yəhudilərin yaddaşında negativ xatirələr yükü yoxdur. Onlar hər zaman intellektual elitanın bir hissəsi kimi qəbul olunduqları bir cəmiyyətdə yaşayıblar və heç vaxt genetik antisemitizmə məruz qalmayıblar. Məhz bu miras azərbaycanlı yəhudilərə, xüsusilə də bakılı yəhudilərə, Azərbaycanın sərhədlərindən uzaqlarda belə özünəməxsus kimliklərini qoruyub saxlamağa imkan verir.
Ümumilikdə isə, mənim dərin əminliyimə görə, yəhudi icmalarına münasibət – cəmiyyətin tolerantlıq səviyyəsinin universal göstəricisidir. Və bu baxımdan **Cənubi Qafqazın iki kiçik ölkəsi – Azərbaycan və Gürcüstan – bir çox Avropa ölkələrinə nümunə ola bilər.” – deyə müsahibimiz yekunlaşdırıb.
Kərim Sultanov
Vzglyad.az