8 Av axşamının bitməsindən sonra yəhudi xalqının tarixində ən kədərli gün – 9 Av orucu, İerusalim Məbədinin dağıdılmasının ildönümü başlayır. Bu hadisəni xatırlamaq üçün 9 Av axşamından 10 Avda üç ulduz görünənə qədər oruc tutulur. Bununla “beyn ə məsərim” (“sıxıntılar arasında”) adlanan dövr başa çatır – Tammuz ayının 17-ci günü ilə Av ayının 9-cu günü arasındakı dövr. Yəhudi xalqının tarixində çoxlu faciəli hadisələr məhz bu dövrdə baş vermişdir. Xüsusilə, 9 Av günü peyğəmbər Musanın Vəd edilmiş Torpağa göndərdiyi elçilər qayıtdı və onların çoxu (12 nəfərdən 10-u) İsrail xalqını bu torpağa daxil olmamağa inandırdı. İmansızlığa görə cəza olaraq yəhudi xalqı İsrail Torpağına daxil olmaq üçün 40 illik səhra səyahətindən keçməli oldu. 9 Av günü həm Birinci, həm də İkinci (1954 il əvvəl) İerusalim Məbədləri dağıdıldı. Babil Talmudunun “Gitin” bölməsində (57, b) İkinci Məbəd dövrünün tarixi müzakirə olunur, burada iki şəxs arasındakı qarşılıqlı düşmənçiliyin Məbədin dağıdılmasına və yəhudi xalqının İsrail Torpağından sürgün edilməsinə səbəb olduğu göstərilir. Bar-Kamsa adlı şəxs, səhvən (ev sahibinin xidmətçisi onu dəvət edilməli olan şəxslə qarışdırmışdı) dəvət olunduğu ziyafətdə təhqir olunduğuna görə, üstəlik ziyafətdə iştirak edənlərdən heç kimin onun müdafiəsinə qalxmamasına görə, bütün cəmiyyətdən qisas almaq qərarına gəldi və Roma imperatoru Neronun yanına gedərək öz soydaşlarının “etibarsızlığı” barədə “xəbər” verdi. Yəhudi qanunlarını bilən Bar-Kamsa, qurban kəsilməsi üçün qüsurlu heyvanların qadağan olduğunu nəzərə alaraq, Neronun Məbədə qurban kimi bir dana göndərməsini təklif etdi, lakin yolda dananın yuxarı dodağını (başqa bir versiyada – gözünün buynuz qişasını) zədələdi ki, bu, heyvanın qurban kəsilməsini qeyri-mümkün etdi. Roma imperatorunun qurban hədiyyəsinin rədd edilməsi romalıların yəhudilərə qarşı təqiblərə başlamasına, Məbədin dağıdılmasına və sonradan yəhudilərin üsyanının yatırılmasından sonra iki min il davam edən sürgünlərinə səbəb oldu. Məbədin dağıdılmasının əsl səbəbi qarşılıqlı düşmənçilik və uzaqlaşma idi. Şübhəsiz ki, Talmudda danışılan bu hekayə, ziyafətdə cəmiyyətdə tanınmış bir çox insanın, o cümlədən müdriklərin iştirak etdiyini nəzərə alsaq, məsələni fərdi səviyyədən ictimai səviyyəyə qaldırır. Çünki Bar-Kamsanın hərəkətləri Məbədin dağıdılmasına və uzunmüddətli sürgünə səbəb olan hadisələrə yalnız bəhanə yaratdı, səbəb olmadı. Bar-Kamsanın ziyafət sahibinin təhqirlərinə qarşı şahidlərdən müdafiə almaması təsadüfi olmadı. Eləcə də imperator Neronun Bar-Kamsa tərəfindən gətirilən hədiyyəsinin qurban kimi qüsurlu olduğunun aşkarlanması zamanı hədiyyəni qəbul edənlərdə zədələnmənin Bar-Kamsanın hiyləsi ola biləcəyinə şübhə yaratmaması təsadüfi olmadı. Hədiyyə-qurbanla bağlı nə edilməli olduğunu müzakirə edən müdriklər, hədiyyəni rədd etmək qərarına gələrkən, ölkədə olan Roma administrasiyası ilə dialoq qurmağa, Bar-Kamsanın mümkün təxribatı barədə xəbərdarlıq etməyə cəhd belə etmədilər. Nəticədə qurban rədd edildi. Burada ritual təmizliyin ciddi şəkildə gözlənilməsi ilə gündəlik həyatda insanlar arasındakı münasibətlərə dair qanunların yerinə yetirilməməsi arasında uyğunsuzluq açıq-aydın görünür. Bu uyğunsuzluq nəticəsində Məbədin dağıdılması və sürgün baş verdi. Bar-Kamsa yalnız katalizator oldu. Bu kədərli hadisələr öyrədir ki, gündəlik həyatda qarşılıqlı ünsiyyət əsaslarının pozulması bütün xalqın mövcudluğu üçün fəlakətli nəticələrə səbəb olur. İnsan münasibətlərində harmoniyanın vacibliyi nə vaxt dərk olunacaq?
Yakov İovnoviç