DataLife Engine / Azərbaycan Yəhudi İcmasından Prezidentə Təşəkkür

Azərbaycan Yəhudi İcmasından Prezidentə Təşəkkür


Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Azərbaycanda yaşayan yəhudi icması adından yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə ünvanladığınız təbriklər və səmimi arzulara görə Sizə dərin təşəkkürümüzü bildiririk. Bu təbrik və xoş sözləriniz bir daha Sizin Azərbaycan yəhudi icmasına göstərdiyiniz diqqət və qayğının bariz nümunəsidir.

Əsrlər boyu tolerantlıq ənənələrinə malik olan Azərbaycanda yəhudilər daim sülh və qarşılıqlı hörmət şəraitində yaşamış və yaşayırlar. Azərbaycan dünyada yeganə ölkələrdən biridir ki, burada yəhudilər heç vaxt etnik və dini dözümsüzlüklə, ksenofobiya və antisemitizmlə qarşılaşmamışlar. Bu ölkədə yəhudilər bütün dini adət-ənənələrini azad şəkildə qoruyur və milli bayramlarını sərbəst şəkildə qeyd edirlər.

Multikultural dəyərlərə əsaslanan birgəyaşayış prinsiplərinə xüsusi önəm verən Azərbaycan dövləti bütün etnik azlıqların, o cümlədən yəhudi icmasının mədəni-mənəvi dəyərlərinin qorunmasına, dilinin, adət və ənənələrinin inkişafına daim böyük diqqət və qayğı göstərir.

Yəhudi icması bu münasibətə görə hər zaman minnətdardır və müxtəlif bölgələrdə yaşayan yəhudi mənşəli həmvətənlərimiz Azərbaycanın ictimai-siyasi və sosial-mədəni həyatında fəal iştirak edərək daim Azərbaycana olan sevgilərini və sədaqətlərini nümayiş etdirirlər. Onlar ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işinə də əhəmiyyətli töhfələr verirlər.

Əziz İlham Heydər oğlu!

Roş-Ha-Şana bayramı münasibətilə söylədiyiniz səmimi sözlərə və ünvanladığınız təbriklərə görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Bu bayram sülhün və mənəvi yenilənmənin rəmzidir.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı,
Azərbaycan–İsrail parlamentlərarası işçi qrupunun rəhbəri
Anatoli Rafaillı

Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri
Milix Yevdayev

Azərbaycan Aşkenaz Yəhudiləri İcmasının sədri
Aleksandr Şarovski




18-09-2020, 17:53
Вернуться назад