Yəhudi ənənəsində 17 Tammuz orucu və "dar keçidlər arası" dövr (5785/2025)

Yəhudi ənənəsində 17 Tammuz orucu və "dar keçidlər arası" dövr (5785/2025)

ב"ה

Bu gün, 13 iyul 2025-ci il tarixində, gün çıxandan axşam qaranlığı çökənədək yəhudi ənənəsinə görə 17 Tammuz orucu tutulur. Bu oruc, Tammuz ayının 17-dən Av ayının 9-na qədər davam edən üç həftəlik dövrü – "beyn ha-meçarim" ("dar keçidlər arası") adlanan mərhələni açır.

Bu dövr yəhudi təqviminin ən kədərli mərhələsidir. Məhz bu üç həftə ərzində yəhudi xalqının həyatında baş vermiş bir çox faciəli hadisələr, onun taleyinə ağır təsirlər göstərmişdir. Yəhudilərin Misirdən çıxışından (İsraildən çıxış ili 2448) sonra həmin gün, yəni 17 Tammuz tarixində, yeni formalaşmış yəhudi xalqı Musa peyğəmbərin Sina dağından qayıdışını gözləmədən "qızıl buzov" düzəltmişdi.

Elə həmin gün, çıxışdan bir il sonra, Musa peyğəmbər tərəfindən Vəd edilmiş Torpağı araşdırmaq üçün göndərilmiş qəbilə başçıları – casuslar geri qayıtdılar və ora daxil olmaqdan qorxduqlarını bildirdilər. Bu hərəkətə görə bütün yəhudi xalqı cəzalandırıldı və 40 il ərzində Səhrada dolaşmağa məhkum edildi. Casusların nəsli (qorxmayan iki qəbilə istisna olmaqla) Vəd edilmiş Torpağa çata bilmədi və Səhrada həyatını başa vurdu.

Birinci Mə'bədin dağıdılmasından əvvəlki dövrdə (e.ə. 586-cı il) məhz bu gün Mə'bədin divarları yarıldı, daha sonra isə Mə'bəd dağıdıldı. E.ə. 70-ci ildə İkinci Mə'bəd də dağıdıldı. Eyni zamanda, e.ə. 132-ci ildə imperator Adrian Yerusəlimin yer üzündən silinməsi əmrini verdi. 1290-cı ildə yəhudilər İngiltərədən, 1492-ci ildə isə İspaniyadan qovuldular. Bütün bu hadisələr məhz "dar keçidlər arası" adlanan bu üç həftəlik dövr ərzində baş vermişdir.

Yəhudi ənənəsində 17 Tammuz orucundan əlavə, digər oruclar da mövcuddur: Av ayının 9-da (bu dövrü tamamlayan oruc), Tişrei ayının 3-də (Gedaliya orucu), Yom Kipur orucu, Tevet ayının 10-da oruc və Purim bayramından öncəki Ester orucu. Av ayının 9-da tutulan oruc və Yom Kipur orucu 25 saat davam edir – gün batımından ertəsi gün göydə üç ulduz görünənə qədər. Digər oruclar isə yalnız günün bir hissəsini əhatə edir – gün çıxandan göydə üç ulduz görünənə qədər.

Bundan başqa, məsələn, Pesax bayramından əvvəl ilk doğulanlar üçün oruc da var, lakin bu, yalnız ilk doğulanlara aiddir. Yom Kipurdan başqa bütün orucların ümumi xüsusiyyəti budur ki, bu günlərdə qeyd olunan faciələr əsasən yəhudi xalqının öz davranışları ilə bağlıdır. Axı, məhz daxili qarşıdurmalar və bir-birini anlamamaq bir çox faciələrin səbəbi olmuşdur və bu faciələr saysız-hesabsız bəlalara yol açmışdır.

Yəhudi xalqını bürüyən bəlaların səbəbi – bütpərəstlik, əxlaqsızlıq, qan tökülməsi, yaxın adama qarşı səbəbsiz nifrət – bu mənfi xüsusiyyətlər yəhudi xalqını bu günlərdə izləyir və təəssüf ki, hələ də aradan qaldırılmayıb. İsrail xalqı bir neçə dəfə İsrail torpağından sürgün edilmişdir və bu, xalqı ayıltmaq üçün bir dərs olmuşdur. İlk (Babil) sürgün zamanı oruc günləri qorunub saxlanılmışdı, lakin sürgündən qayıdandan sonra İkinci Mə'bəd dövründə Birinci Mə'bədin dağıdılması ilə bağlı oruclar tutulmurdu və bu günlər "şənlik və sevinc günləri, yaxşı bayramlar" adlandırılmışdı – bunu Zaxariya peyğəmbər deyirdi.

Lakin daha sonra yenidən insanlar arasındakı münasibətlər, qarşılıqlı nifrət İkinci Mə'bədin dağıdılmasına və yəhudi xalqının demək olar ki, iki minillik sürgünə düşməsinə səbəb oldu. Oruc məqsəd deyil – bu, xalqın daxilindəki xəstəliyi xatırlatmaq üçündür. Təəssüf ki, bu xəstəlik bu gün də sağalmayıb. Odur ki, 17 Tammuz orucu da daxil olmaqla oruc günləri öz günahlarını dərk etmək və onları düzəltmək üçün bir imkandır.

Hazırladı: Yakov İovnoviç