Streetbol üzrə Beynəlxalq Turnir

"Makkabi-Azərbaycan" cəmiyyətinin Azərbaycanda yaradılmasının 30 illiyi münasibətilə Bakıda qadın komandaları arasında 8 noyabrda qeyd olunacaq İkinci Qarabağ müharibəsində qələbə gününə həsr olunmuş 3x3 Streetbol üzrə Beynəlxalq Turnir keçirilib.
Tədbir Bakı Avropa Yəhudiləri İcmasının tam dəstəyi ilə "Makkabi-Azərbaycan" İdman-Kültür Cəmiyyəti tərəfindən təşkil edilib. Turnirdə Azərbaycan, Rusiya, İsrail və hətta Seyşel adalarından olan basketbolçuların yer aldığı 6 komanda iştirak edib.
Yarışlar dairəvi sistem üzrə keçirilib. Turnirin qalibi "Qarabağ" komandası olub. İkinci yeri "Xarı Bülbül" komandası tutub. Üçüncü yeri isə Rusiyanın "Nəsil Z" və BBA-Şahan komandaları bölüşüb.
Qalib və iştirakçılara medal, diplom və xatirə hədiyyələri, həmçinin basketbol topları təqdim edilib.
Turnirin yekunlarını çıxararkən "Makkabi-Azərbaycan"ın vitse-prezidenti, Bakı Avropa Yəhudiləri İcmasının İdarə Heyətinin üzvü Aleksandr Mordvinkin Azərbaycan Basketbol Federasiyasına və akademiyanın direktoru Tatyana Deniskinaya təşəkkürünü bildirib.
"Makkabi-Azərbaycan" İdman-Kültür Cəmiyyətinin rəhbəri Semyon İxiilov gələn il azad edilmiş ərazilərdə Beynəlxalq İdman Festivalı keçiriləcəyini bildirib: "Bu, dünyaya bir daha nümayiş etdirəcək ki, Azərbaycan sülh, dostluq və yaxınqonşuluq ölkəsidir."